"Sahmat" Sözünün Manasina Dair Bazi Düsünceler
 
shah mat, şahmat, satranç, chess

“Şahmat” Sözünün Mənasına Dair Bəzi Düşüncələr

Yunis Xəlilov

Hazırda Azərbaycan, rus və digər dillərdə işlədilən “şahmat” [1] sözünün mənası əksər mənbələrdə farsca “şah” və ərəbcə “memat” (“ölüm”) sözünün birləşməsindən əmələ gələn “şah öldü” ifadəsi kimi izah edilir. Türk müəlliflərindən şahmat müəllimi Dimes Hak Alerli “Satranç psikolojisi” kitabında “şahmat” sözünün bu cür izahının yanlış olmasını qeyd edərək yazır:

  1. Oyunun qaydalarına görə şahı öldürmək (Taxtadan götürmək) qəti şəkildə qadağandır və şahı sadəcə əsir almaq, çarəsiz buraxmaq mümkündür.
  2.  “Memat” sözü başqa, “mat” sözü başqadır. “Mat” sözü şahmatla əlaqəli anlam daşıyan bir söz olaraq heç bir dildə olmadığı halda, qədimdən bəri türk coğrafiyasında istifadə olunmaqdadır.

Daha ətraflı açıqlayaq. “Şah” və ya “şeh” farscaya sanskrit dilindən “hökumət etmək” anlamındakı “ksah” kəlməsindən keçmişdir. Şahın xanımına “şahbanu”, övladına isə “şahzadə”, Türkiyədəki tələffüzü ilə “şehzade” (Azərbaycanca isə “şahzadə” – Y.X.) deyilir. “Şah” sözü səlcuqlarda hökmdarların adının yanında sifət kimi yer alırdı: Məlik şah, Toğrul şah, Süleyman şah kimi. Daha sonrakı dövrlərdə isə türk coğrafiyasında Babur şah, Nadir şah, Şah Xətai kimi hökmdarların varlığını da müşahidə etmiş oluruq. “Şah” kəlməsi ilə bağlı qısa məlumat kifayətdir, çünki bu nöqtədə ciddi yanlış yoxdur.

Əsas yanlış “mat” sözünün məcburi şəkildə ərəbcəyə aid olduğunu və oyunun qayda-larına tamamilə zidd olan şahın ölümü kimi izah edilməsidir. Həqiqətən də belədirmi, görəsən? Xeyr! “Mat” kəlməsi türk klassik ədəbiyyatında və hələ də Azərbaycanda davamlı şəkildə işlədilən söz olub “ölmək” deyil, “çarəsiz qalmaq”, “heyran qalmaq”, “heyrət etmək”, “çaşıb qalmaq” mənasını verir. Nümunələr verək. Şərq və dünya tarixindəki ən böyük şairlərdən biri olan Məhəmməd Füzuli “Halımın heyranlığı mat eylədi ulduzları” misrası ilə bunu demək istəyir: “Ulduzlar belə halımı gördükdə heyrət içində qaldılar”. Məşhur Azərbaycan şairi Molla Pənah Vaqif “Sənin hüsnün mat eyləyib fələyi”, yəni “Gözəlliyin fələyi belə çarəsiz qoydu” deyir. İbnür Rəvəndi və Fürsət Hüseyni Şirazi kimi orta əsr alimləri də “mat” sözünü şahmat termini kimi vurğulamış və bu sözü “ölmək” deyil, “çarəsiz qalmaq” anlamında istifadə etmişlər... ”. [2]

Qeyd edək ki, Azərbaycan dilinin izahlı lüğətində “mat” sözünün iki mənası göstə-rilir.[3] Bunlardan birincisi, “Heyrət içində olan”, “təəccüblənmiş” mənalarıdır. Nümunə üçün Azərbaycan yazıçılarının əsərlərində bu mənanı verən aşağıdakı sitatlar göstərilir: “Mən bu işə matam. “Mat etmək” –Yaşı on səkkizə yenicə yetmiş; Gözəllikdə tamam xəlqi mat etmiş (M.P.Vaqif); Fəqirlərə yüz minlərlə ehsan edib, bütün şəhəri öz səxavət və mərhəmətinə mat etmişdi (C.Cabbarlı); “Mat qalmaq” – “təəccüblənmək”, “heyrət etmək”, “heyrətlənmək”. Bu işlərə mat qalmışam. – Ağca xanım .. divanın altına baxdı və Qaraca qızı orada görməyib mat qaldı (S.S.Axundov); Məclisdəkilər o qədər şiddətlə bu sözü alqışladılar ki, Cəfərqulu özü də mat qaldı. (Qantəmir). Mat qoymaq – heyrətləndirmək, təəccübləndirmək.

Lüğətdə bu sözün ikinci mənası isə belə verilir: Şahmat oyununda: “məğlubiyyət”, “məğlub olma”. “Mat etmək” – “məğlub etmək”, “udmaq”, “aparmaq”. “Rəqibi mat etmək”. “Mat qalmaq” – “uduzmaq”, “məğlub olmaq”.

Maraqlıdır ki, Rusiyada da bu oyunun adı “шахматы” adlanır. Rus tədqiqatçısı Linder bəzilərinin Rusiyadakı adıçəkilən terminin guya almanca “schach-matton” kəlməsindən yarandığını irəli sürən iddiasını “Шахматы на Руси” (Moskva, “Elm”, 1975) adlı kitabında bir çox təkzibolunmaz dəlilləri ortaya qoyaraq çürütmüşdür.

Yunis Xəlilov
Hüquqşünas

Bu Yazıyı Türkiye Türkçesinde Oku Türkçe Yunis Xəlilovun Digər Məqalələri ❯

Qeydler

[1] “Şahmat” sözü türkcə “satranç”, ingiliscə “chess”, fransızca “échecs”, almanca “schach”, italyanca “scacchi”, ispanca “ajedrez”, portuqalca “xadrez”, macarca “sakk”, bolqarca “шах”, rusca “шахматы” kimi tərcümə olunur.
[2] Dimes Hak Alerli. Satranç psikolojisi. İstanbul, Scala yayıncılık, seh. 219-220.
[3] https://azerdict.com/az/izahli-luget/mat






Bu sayfa hakkında yorum ekle:
İsmin:
Mesajınız:
 
 
📊 19 Ağustos 2007 itibariyle, toplam: 56244546 ziyaretçi (143294004 klik) tarafından görüntülenmiştir. Online ziyaretçi rekorumuz, 4626 kişi. (5 Eylül 2010)