Sahmat Görkemli Dövlet Hadimlerinin Sevimli Oyunu Kimi
 
satranç, şahmat, chess

Şahmat Görkəmli Dövlət Hadimlərinin Sevimli Oyunu Kimi

Yunis Xəlilov

Şahmatın insanlıq üçün ən dəyərli töhfəsi onun idarəçiliyi (təhlil, hesablama, praqnoz, uzaqgörənlik, qərar vermə, səbr və s.) öyrətməsidir. Həqiqətən də şahmatda idarə etmək üçün hər şey vardır. Bu baxımdan sasani hömdarı II Xosrovun aşağıdakı sözləri böyük əhəmiyyətə malikdir:

“Bir hökmdar şahmatı anlamırsa, bir krallığı necə idarə edə bilər?”

Təsadüfi deyil ki, şahmat haqqında yazılmış ən qədim kitablardan biri müəllifi Şəmsəddin Məhəmməd ibn Mahmud Amuli olan “Nefais-əl Fünun Fi Arayis əl-uyun”da şahmatın tərifi belə verilmişdir:

“Şahmat, oyunların şahı, şahların oyunudur”.

Tarixin məşhur diplomatlarından N.Makiavelli, Rişelye, Taleyran; dünya fatehlərindən Makedoniyalı İsgəndər, Əmir Teymur; dövlət xadimlərindən Harun Ər-Rəşid, Şah İsmayıl Xətai, Yavuz Sultan Səlim, Napoleon Bonapart, Mahatma Qandi, Mustafa Kamal Atatürk, İsmət İnönü, Vladimir Lenin, Adolf Hitler, Con Simon, Fidel Kastro, ABŞ prezidentlərin-dən Corc Vaşinqton, Abraham Linkoln, Barak Obama və başqaları sevə-sevə şahmat oyanmışlar.

Prussiya kralı Böyük Fridrix şahmata dərin məhəbbət bəsləmiş, o, hətta filosof Volterlə məktubla şahmat oynamışdır.

Tarixdən məlumdur ki, Rusiya imperatriçəsi Böyük Yekaterina da şahmata həvəs göstərmişdir.

Harun Reşid
Şərqdən gələn kişilərlə çadırında şahmat oynayan Harun Ər-Rəşid.

Şəmsəddin Məhəmməd ibn Mahmud Amulinin adı çəkilən kitabında beşinci və ən məşhur Abbasi xəlifəsi Harun Ər-Rəşidin şahmat oynamasına dair maraqlı bir hekayədən bəhs edilmişdir:

Məşhur Abbasi xəlifəsi Harun ər-Rəşid arvadı Zübeydə ilə iddialı şahmat matçları edərmiş. Oyunun şərti belə olurdu: “məğlub olan qələbə qazananın hər istədiyini edəcək!” Bir dəfə oyunu qazanan xəlifə arvadından lümlüt soyunub rəqqasələrlə oynamasını istəyir. Zübeydə sözündə dursa da, bu hərəkətinə görə xəlifəyə çox əsəbiləşir. Günlərin bir günü Zübeydə oyunu qazandıqda ərindən saray mətbəxindəki çox çirkin Meracil adlı cariyə ilə bir gecə keçirməsini istəyir. Harun bunu etməməsi üçün arvadına çox yalvarıb yaxarsa da, Zübeydə istədiyindən imtina etmir.

Bu hadisənin üstündən xeyli vaxt keçir. Harun Ər-Rəşid ölür və yerinə vəliəhd oğlu Məhəmməd Əl-Əmin keçərək xəlifə olur. Lakin Harunun çirkin cariyədən olan Əl-Məmun adlı övladı ögey qardaşına qarşı baş qaldırıb qiyam edərək onu və anası Zübeydəni məğlub edir və iqtidarı ələ keçirir.

Bu hadisədən sonra Zübeydə ona belə deyir:

“Atandan bir oyun qazandım. Nəticədə nüfuzumu itirdim. Sən şahmat məhsulusan. Şahmatı sev və ona xidmət et!” [1]

satranç, Harun Reşid, Charlemagne
Harun Ər-Rəşidin Karlameynə hədiyyə etdiyi bir şahmat dəsti.

Bundan başqa, tarixi mənbələrə keçmiş digər maraqlı məlumatlardan biri Harun Ər-Rəşidin Fransa kralı Karlameynə şahmat dəsti hədiyyə etməsi faktıdır.

Tarixdə başqa maraqlı hadisə Osmanlı padşahı Yavuz Sultan Səlimin Səfəvi dövlətinin ilk şahı Şah İsmayıl Xətai ilə şahmat oynaması olmuşdur.

Türk professoru İsmayıl Hikmət “Tarixi-gülşəni-Maarif” və “Trabzon tarixi” adlı mənbələrə əsaslanaraq göstərir ki, Şah İsmayıl ilə Sultan Səlim arasında hələ uşaq vaxtlarında qızğın şahmat yarışları keçirilərmiş. Müəllif bu barədə maraqlı bir əhvalat barədə də məlumat verir. Belə ki, sonralar Osmanlı sultanı olmuş Səlim Trabzon valisi vəzifəsində işləyən zaman bir dəfə Təbrizə gəlir, Şah İsmayılın şahmata böyük maraq göstərməsini bilib onu oyuna dəvət edir.

Şah İsmayıl bu təklifi qəbul edir və çox keçmədən şahmat taxtası gətirilir. Oyun başlanır və Şah İsmayıl bir neçə fənd işlədərək qalib gəlir. Digər bir oyunda isə Səlim Şah İsmayılı mat edir və ucadan qışqırır: “Şah mat oldu!”. Bu sözü eşidən kimi Şah İsmayıl Sultan Səlimə deyir: “Heç şah da mat olarmı?”.

Hamı Şah İsmayılın bu hərəkətinə təəccüb edir və bu məsələnin sətiraltı mahiyyətini anlaya bilmir. Halbuki o, çox incə bir mətləbi ustalıqla və diplomatik yolla izah edir. Şah İsmayıl “şah mat oldu” ifadəsinin hərfi olaraq “şah öldü” mənasını verməsindən istifadə edib anlatmağa çalışır ki, şah ölmür, o, yalnız ümidsiz vəziyyətə salına bilər, yolları bağlanar.

Oyunda şah öldürülmür və heç vaxt digər daşlar kimi vurulub şahmat taxtasından kənara qoyulmur. O, çox incəliklə başa salır ki, şahmatın şahı öldürülmədiyi kimi, Səfəvilər dövləti də məhv edilə bilməz.

tamerlane chess, timur satrancı
Teymur şahmatı.

Əmir Teymur bu oyuna o qədər bağlı olmuş və rəğbət göstərmişdir ki, özünün “Teymur şahmatı” [2] olaraq tarixə keçmiş yeni şahmat oyununu icad etmişdir. 10x11 ölçülü, daha çox xanaya və fərqli fiqurlara malik olan bu oyun bu gündə sevilərək oynanılmaqdadır.

Napoleon isə şahmatı o qədər çox sevmişdir ki, ölərkən ürəyinin çıxarılıb bir şahmat qutusunun içərisinə yerləşdirilməsini vəsiyyət etmişdir.

Tarixdə digər maraqlı fakt: 1816-cı ildə Napoleon Müqəddəs Yelena adasında ömürlük sürgündə olarkən ən yaxın dostlarının birindən fil sümüyü və nefridən düzəldimiş şahmat hədiyyəsi alır. Ölənədək öz-özünə həmin şahmatla oynayan Napoleonun vəfatından sonra həmin şahmat böyük məbləğlərlə dəfələrlə satılmışdır. Sonralar sözügedən şahmatın sonuncu sahibi fiqurlardan birinin alt tərəfini buraraq açmağın mümkün olduğunu təsadüfən aşkar etmişdir. Məlum olmuşdur ki, fiqurun içində adadan qaçmağın son dərəcə dəqiq planı gizlədilibmiş. Lakin Napoleon sağlığında bunu heç vaxt bilməmişdir.

Leninə gəlincə, Sibirdə sürgündə olarkən evindən şahmat göndərilməsini xahiş etməsi, 1922-1923-cü illərdə Moskva şahmat cəmiyyətinin sədri seçilməsi onun şahmata necə ürəkdən bağlı olmasını göstərir. Deyilənə görə hətta Lenin yazışma yolu ilə şahmat oynamağa o qədər çox sevmişdir ki, o, tez-tez yuxusunda sayıqlayaraq yazışma yolu ilə şahmat oynayarmış.

Hitler, Lenin, satranç, şahmat, chess
Hitler və Lenin şahmat oynayır.

Nə qədər qəribə görünsə də, digər bir maraqlı iddiaya görə 1909-cu ildə Hitlerlə Lenin üz-üzə şahmat oynamışdır. Belə ki, həmin tarixdə Vyanada siyasi müzakirələrin aparıldığı tanınmış bir yəhudi ailəsinin evində Hitlerin rəsm müəllimi Emma Lo-venstramm tərəfindən çəkilməsi iddia edilən şəkildə onlar şahmat oynayarkən təsvir edilir. İddia edilir ki, həmin illərdə Hitler Vyanada rəssamlıq etmiş, Lenin isə 1905-ci il inqilabının yatırılmasından sonra sürgün-də olmuşdur. 1909-cu ildə Hitler 20, Lenin isə 39 yaşında idi. Lakin bir sıra mütəxəssisin fikrincə, bu rəsm fantaziya məhsulu olmaqdan başqa bir şey deyil. Onlara görə Lenin həmin dövrdə Fransada olmuşdur və həmin illərdə onun Vyanada olmasını təsdiq edən heç bir sübut yoxdur.

Beləliklə, yuxarıda deyilənlərdən o nəticəyə gələ bilərik ki, şahmat oyunu tarix boyu bir sıra görkəmli dövlət xadimlərinin sevimli oyunu olmuşdur.

Yunis Xəlilov
Hüquqşünas

Bu Yazıyı Türkiye Türkçesinde Oku Türkçe Yunis Xəlilovun Digər Məqalələri ❯

Qeydler

[1]  Bu hekayənin nə dərəcədə doğru olması şübhəlidir. Tarixi mənbələrdə Harun Ər-Rəşidin əvvəlcə oğlu Abdullaya Əl-Məmun adı verərək onu vəliəhd olaraq qəbul etməsi, sonradan fikrini dəyişdirib 802-ci ildə beş yaşı tamam olmamış digər oğlu Əl-Əmini vəliəhd təyin etməsinin başqa səbəbləri göstərilir.
[2] Teymur şahmatı haqqında ətraflı məlumat üçün bax: https://en.wikipedia.org/wiki/Tamerlane_chess






Bu sayfa hakkında yorum ekle:
İsmin:
Mesajınız:
 
 
📊 19 Ağustos 2007 itibariyle, toplam: 56272456 ziyaretçi (143372426 klik) tarafından görüntülenmiştir. Online ziyaretçi rekorumuz, 4626 kişi. (5 Eylül 2010)