Sahmat Oyununa Kvant Fizikasi ve Fiziki Elmi Prizmasindan Baxis
 
kuantum fiziği, satranç

Şahmat Oyununa Kvant Fizikası və Fiziki Elmi Prizmasından Baxış

Yunis Xəlilov

Kateqoriya: Xarici Dildə Məqalələr

Kvant fizikasının bir sıra qaydaları həyatdakı kimi şahmatda da mövcuddur.

kuantum Məlumdur ki, kvant dünyasında konkret sərhədlər yoxdur. Kvant fizikasına görə davamlı zaman deyə bir şey yoxdur, “an” vardır. “Bütün” və “iç-içə” məfhumunu ən gözəl ifadə edən kəlimə “an”dır, keçmiş, indiki və gələcək zaman əslində “an”dadır. Yəni baş verən hər şey bir an içərisində meydana gəlir və başqa bir anda fərqli bir şeyə çevirilir. “Həqiqət” yalnız o an üçün keçərlidir, buna görə də daimi və mütləq bir həqiqətdən söhbət gedə bilməz. Hər var olanın özünəməxsus zamanı və öz həqiqəti vardır.

Əslində nisbilik nəzəriyyəsi də bu məsələdən bəhs edərək deyilənləri sübut edir. Universal bir həqiqət yoxdur, başqa sözlə, hər varlığın həqiqəti özünə aiddir. Yeganə həqiqət davamlı olaraq dəyişən və çevrilən bir enerji şəbəkəsinin mövcud olmasıdır.

Bu deyilənlər eyni ilə şahmat oyunu üçün də keçərlidir. Geniş diapazonlu variantlar şəbəkəsinin mövcud olduğu şahmatda oyun zamanı hər oyunçu növbə ilə çoxşaxəli gedişlərdən konkret olaraq bir seçim etmək imkanına malikdir. Bunu isə kvant dünyasının “an” məfhumu ilə eyniləşdirə bilərik. Şahmatda həmin seçim imkanı məhz həqiqətin yalnız o an üçün keçərli olduğunu göstərir. Şahmatda da hər variantın özünəməxsus həqiqəti vardır. Dördüncü şahmat dünya çempionu olmuş Aleksandr Alyoxinin sözləri ilə desək;

“Keçmiş gedişlərin bir mənası yoxdur, sadəcə bu andakı vəziyyət vardır. Məntiqi baxımdan bu oyunda keçmiş gedişlərin oyunçunun oyununa heç bir təsiri olmaması lazımdır, hər gediş yeni bir situasiya yaradır”.

Qeyd edək ki, kvant fizikasındakı “həqiqət” məfhumu şahmatdakı doğru və ya yanlış gediş yaxud variant anlamında deyil, konkret fərqli nəticələr doğuran müxtəlif sonluqlar kimi başa düşülməlidir. Şahmatda yeganə həqiqət isə müntəzəm şəkildə dəyişən və çevrilən variantlar şəbəkəsinin mövcud olmasıdır.

paralel evrenler Kvant fizikasında “paralel dünyalar” nəzəriyyəsi mühüm məsələlərdən biridir. İlk dəfə amerikalı fizik H.Everett tərəfindən ortaya atılan bu nəzəriyyə tədricən kvant fizikasında böyük rezanansa səbəb olan mübahisəli bir müzakirə mövzusuna çevrilmişdir. Həmin nəzəriyyəyə əsaslanan bir qrup fizikin fikrincə, müstəqil və fərqli, heç bir zaman bir-birinə qarşılıqlı təsir göstərməyən çoxsaylı dünyalar mövcuddur. Corc Mason Üniversitetindən Dr.Robin Hanson və bir sıra başqa fizikçilər tərəfindən isə zənn edilənin əksinə olaraq paralel dünyaların əslində müstəqil olmaması, bir-birlərinə qarşılıqlı təsir etməsi görüşü irəli sürülmüşdür.

Məşhur ingilis fiziki Stivin Hokinqin fikrincə, məntiqi olaraq beynimizdə heç bir şey bir bütündən kənar müstəqil şəkildə gerçəkləşmir. Görülə bilən kainatımızın xaricində iç-içə keçmiş və eyni “biz”lərdən ibarət olan görünməyən bir çox dünyalar mövcuddur. Bu nəzəriyyəyə görə “paralel dünyalar”ın hamısı eyni anda mövcuddur və bu dünyalarda yaşayan digər eyni bədənlərimiz vardır. Başqa sözlə, bütün paralel əkizlərimiz, bütün zamanlar “an”da təzahür edir.

Tutaq ki, mən istəyimi seçdim, seçmədiyimi “paralel dünya”dakı ekizim seçir, o tətbiq edir. Məsələn, düşünün, bu sətirləri oxumaq əvəzinə başqa bir iş görməyi uyğun görən başqa bir “siz”. Kvant fizikasının qaydalarına görə bu başqa “siz”in hərəkətlərinə görə etdikləriniz dəyişir və ətrafınızdakılar və zaman da sizə görə yenidən müəyyən olunur. Bu isə tamamilə fərqli bir dünya anlayışına girişdir, dəyişən siz və hər yeni seçiminiz başqa bir dünyanı inşa edir.

Necə deyərlər, kvant dünyasında nə zaman bir seçim edilərsə, yeni bir dünya daha doğular. Buna baxmayaraq, bizlər içində yaşadığımızın yeganə dünya olduğunu zənn edir və “paralel dünyalar”ın fərqinə vara bilmirik. Halbuki potensial digər “paralel dünyalar”da yolçuluq edən digər “mən”lərimiz bizlərə xəbərdarlıq ismarişləri göndərə bilirlər. Məsələn, mən nəsə edirəm, bu, “paralel dünya”dakı ekizimizdə, yəni digər “mən”də də baş verə bilər.

Təsadüfi deyil ki, déjà vu (fransızca “daha öncədən görmək”) adlandırılan, mənası “yaşadığımız bir hadisəni daha əvvəllər sanki yaşamışıq kimi və ya gördüyümüz bir yeri sanki daha öncə görmüşük kimi bir hissə qapılmaq” formasında izah edilən anlıq hiss edilmə vəziyyətini bu gün kvant fizikası “paralel dünyalar”da olan digər eyni “mən”lərimizin davranışları ilə əlaqələndirir.

“Paralel dünyalar” nəzəriyyəsi şahmatın da ayrılmaz tərkib hissəsidir əslində. Diqqət edilərsə, aydın görmək olar ki, çoxsaylı variantların, eyni zamanda variantlar içərisində olan variantların hər biri özlüyündə bir “dünya”dır, özü də bir çox gedişlərdən ibarət konkret bir nəticəsi olan “paralel dünyalar”. Eyni ilə şahmatda da variantlar şəbəkəsi bir-birinə təsir edən və əlaqəli olan bir bütündür. Oynanılan variantın gedişləri və bunun xaricində olan eyni variantın fərqli nəticələr doğurduğu oynanılmayan, lakin var olan digər ekizləri.

Bu zaman oyun zamanı hər hansı variantlardan birini seçməyimiz, oynanılmayan digər variantların mövcud olmaması demək deyil. Əksinə onların paralel olaraq var olmasını diqqətdən qaçırmaq olmaz heç vaxt.

Tutaq ki, oyun zamanı bir variant seçimi etdik, seçilməyən digər saysız-hesabsız, hətta beynimizdə hesablamağın mümkün olmadığı variantlar belə vardır və onlar heç bir zaman inkar edilə bilməz. Bu variantların əksəriyyəti beynimizin içərisində hesablanır, obrazlı desək, “yaşanılır”.

Kompyuterlə şahmat oynayan hər kəs bu deyilənlərin əyani də şahidi ola bilər. Oynadığınız şahmat serverlərinin (Komodo, Stockfish, Deep Fritz və s.) “beyni”nə baxsanız, milyonlarla variantın hesablandığını görərsiniz. Bu onu deməyə əsas verir ki, əslində variantların hamısı vardır, nəticələri bilinir, lakin seçim istəkdən asılıdır, eyni ilə həyatdakı insan davranışları kimi.

Əslində şahmatda da “deja vu”lar yaşayırıq. Çünki ağlımız potensial digər “paralel variantlar”ı təhlil edən beynimizdə bizlərə xəbərdarlıq ismarişləri göndərə bilir. Bu zaman isə “oynadığımız bir variantı daha əvvəllər sanki oynamışıq kimi bir hissə qapılırıq.

Ucsuz-bucaqsız, sərhəd tanımayan kainatda geniş diapazonlu hərəkət etmə manevrlərini, həyatda qarşımıza çıxan çoxşaxəli və alternativ yolları, hər dəfə seçim etmə imkanlarını düşünsək, bunun insan beynini inanılmaz dərəcədə zora saldığını, qəlbimizdə heyrətverici hislər yaratdığını aydın şəkildə anlaya bilərik. Eyni ilə şahmatdakı kimi. Milyardlarla gedişlər, milyonlarla variantlar və hər seçimimizdə yaşadığımız həyəcanlar, gərginliklər... İlk şahmat dünya çempionu olmuş Vilhelm Steynitzin şahmatla bağlı söylədiyi sözlərlə desək “şahmat oynamağın həyəcanı qədər beyin, ürək, böyrəklər və qaraciyər kimi bütün həyati əhəmiyyətə malik olan orqanlarda bir anda həddindən artıq gərginlik yaradan başqa bir şey xəyal edə bilmirəm”.

Albert Einstein Həyatdakı kimi şahmatda kvant fizikası ilə yanaşı, fizikanın başqa qanunları da keçərlidir. Brus Mun deyirdi ki;

“Oynanılan hər bir gediş zaman, güc və ərazi tarazlığını pozur. Lakin bu, hər zaman eyni dərəcədə olmur. Bir elementdən imtina edib digər ikisindən kifayətedici qarşılıq qazanmaq mümkündür. Fədaları mümkün edən bu hal, bir-birinə təsir etmə mexanizmidir”.

Bu nöqteyi-nəzərdən şahmatda material, zaman və keyfiyyət anlayışları son dərəcə mühüm əhəmiyyət kəsb edir. Tutaq ki, oyun zamanı bir piyada qurban verirsiniz ki, rəqib onu qazanmaq üçün bir neçə gediş etsin. Başqa sözlə, rəqibin zaman itirməsi üçün materialı fəda edirsiniz. Və ya zamanı fəda edib material və ya keyfiyyət əldə etmək də mümkündür.

Şahmat oyunu müstəvisində çoxsaylı misal göstərə bilərik ki, çətin vəziyyətdən xilas olmaq, üstünlüyü ələ keçirmək və ya qələbə qazanmaq məqsədilə yaranmış situasiyadan asılı olaraq materialı, zamanı və keyfiyyəti – birini digərinə çeviririk. Avstriya şahmatçısı Rudolf Spilman deyirdi ki;

“Şahmatda maddəni gücə çevirə bilmə xüsusiyyəti mövqe üstünlüyü əldə etmək üçün mübarizə metodlarını çox güclü zənginləşdirir”.

Şahmatda çevrilməyə aid digər maraqlı nümunə piyadalarla bağlıdır. Belə ki, piyada rəqibin sahəsinə doğru irəliləyərək ən son xanaya çatdıqda şahdan başqa istənilən fiqura çevrilə bilir ki, bu onu, fiqur səviyyəsinə qaldırır.

Şahmatda olduğu kimi həyatda da çevrilmə halları baş verə bilir. İlk dəfə 1905-ci ildə Albert Einstein tərəfindən hazırlamış E=mc² disturu hamımıza yaxşı məlumdur: Kütlə və enerjinin ekvivalentliyi - cismin kütləsi ilə enerjisi arasındakı əlaqəni yaradır. Bu düstur hansı formada olursa olsun, enerji ilə kütlə arasında əlaqəni yaradır. Bu düsturda boşluqdakı (vakumlanmış mühit) işıq sürətinin kvadratı, kütlə vahidlərindən enerji vahidlərinə çevrilmə əmsalı üçün istifadə edilir.

Yunis Xəlilov
Hüquqşünas
E-post: yunishalil@yahoo.com

Bu Yazıyı Türkiye Türkçesinde Oku Türkçe Yunis Xəlilovun Digər Məqalələri ❯





Bu sayfa hakkındaki yorumlar:
Yorumu gönderen: Əli, 18.03.2020, 07:15 (UTC):
Mükəmməl və orjinal bir yanaşma.



Bu sayfa hakkında yorum ekle:
İsmin:
Mesajınız:
 
 
📊 19 Ağustos 2007 itibariyle, toplam: 52739850 ziyaretçi (134025803 klik) tarafından görüntülenmiştir. Online ziyaretçi rekorumuz, 4626 kişi. (5 Eylül 2010)

gizli, gizli ilim, ilim, gizli ilimler